Meksika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meksika
Estados Unidos Mexicanos
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Derecho ajeno es la paz
Himn: 
Tarixi
 • Müstəqilliyinin elanı 16 sentyabr 1810
 • Müstəqilliyinin tanınması 28 dekabr 1836
Rəsmi dilləri
Paytaxt Mexiko
İdarəetmə forması Prezident Respublikası
Prezident Klaudiya Şeynbaum
Sahəsi Dünyada 13-cü
 • Ümumi 1,972,551 km²
 • Su sahəsi (%) 1.58
Əhalisi
 • Əhali 128,665,641 nəfər (10-cu)
 • Siyahıyaalma (2020) 126,014,024 nəf.
 • Sıxlıq 61 nəf./km² (142-ci)
 • Ümumi 1.272.838.810.896 $[1], 1.414.187.193.992 $[1]
ÜDM (AQP)
 • Ümumi $3.125 trilyon dollar  (13-cü)
 • Adambaşına $24,295 dollar  (69-cu)
ÜDM (nominal)
 • Ümumi (2023) $1.663 trilyon dollar  (14-cü)
 • Adambaşına $12,926 dollar  (71-ci)
İİİ (2021) 0.758 (artım; 86-cı)
Valyuta Meksika pesosu
İnternet domeni .mx
ISO kodu MX
BOK kodu MEX
Telefon kodu +52
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Meksika

Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur.

Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, BelizQvatemala.

Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, ChihuahuaLeon Meksikanın ən böyük şəhərlərinidir.

Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə BraziliyaArgentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir. Əsasən dağlıq ölkə olan Meksikanın ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən 1000 m-dən yuxarıda, yalnız 1/3 hissəsi isə düzənlikdə yerləşir.

Meksika sahili boyu ensiz ovalıqlar uzanır. Onların böyük təsərrüfat əhəmiyyəti vardır. Ovalıqları kəsib keçən çaylar suvarma əkinçiliyinin inkişafına səbəb olmuşdur. Sakit okeanın sahili boyu uzanan ovalıqların eni 250 km-ə çatır. Ölkənin relyefi iqlimin, torpağın və bitki örtüyünün xarakterini müəyyənləşdirir. Dağ silsilələrinin mineral və meşə resursları bir çox rayonların əhalisinin təsərrüfat fəaliyyətinin əsasını təşkil edir. Məşhur Meksika tədqiqatçısı Kampilyo Saensin təsnifatına əsasən ölkə ərazisinda kifayət qədər qiymətli və nadir metallar, sink, qurğuşun, mis, manqan, civə, sürmə və digər metallar vardır. Qeyri-filiz ehiyatlarından kükürd, flüyerit, barıt, qrafıt, təbii qaz və tikinti materialları daha zəngindir.

Ölkə ərazisində iqlimin formalaşmasına onun coğrafı mövqeyi ilə yanaşı relyefın də böyük təsir vardır. Yayda ən çox istilər tropik qurşaqda yerləşən ştatlarda yox, Sonora, Aşağı Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Yağıntılarn paylanmasında da relyefın rolu böyükdür.

Ölkə ərazisində rütubətli tropik, rütubətli mülayim və quru iqlim zonalarının ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmişdir. Rütubətli tropik zona orta illik temperaturun +18°, orta illik yağıntının 750 mm-dək olması ilə xarakterizə olunur. Bu iqlim zonasına Yukatan yarımadası, Şərqi Syerra-Madre, Syerra Madre-de-Oaxaka, Serraniya-Nofte-de-Çyapasın 1000 m-dək hündürlüyü olan əraziləri, Meksika körfəzinin sahilindəki düzənliklər daxildir. Rütubətli mülayim zonada ən isti ayın orta temperaturu +18°, illik yağıntının miqdarının isə 600 mm-dək olması xarakterik haldır və əsasən dağlıq əraziləri əhatə edir.

Quru iqlim zonasında yağıntının illik miqdarı təxminən 250 mm, Altar səhrasında, Aşağı Kaliforniyanın şərqində 100 mm-dən çox deyildir. Meksikanın fiziki-coğrafı proseslərinə ətraf okean və dənizlərin təsiri olduqca böyükdür. Burada Meksika körfəzinin rolu daha böyükdür. Körfəz üzərində formalaşan hava kütlələri əraziyə olduqca çoxlu rütubət gətirir. Körfəzdən keçən isti Qolfstrim cərəyanı balıqçılığın inkişafı üçün əlverişli şərait yaradır. Kontinental şelfın zəngin neft ehtiyatları ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Karib dənizi üzərində formalaşan hava kütlələri də əraziyə xeyli rütubət gətirir. Atlantik okeanından fərqli olaraq Sakit okean Meksikanın iqlim şəraitinə o qədər də ciddi təsir göstərmir. Meksika dağlıq ölkə olduğundan onun çayları hidroenerji ehtiyatlıdır, nəqliyyat kimi az istifadə edilir.

Ölkə ərazisində qırmızı-sarı laterit torpaqlar əsasən rütubətli tropik və rütubətli mülayim iqlim şəraitində formalaşır. Qırmızı laterit torpaqlar Verakrus ştatında, Nayarit ştatının sahil zonasında və Serraniya-Norte-de-Çyapas dağ silsiləsinin ayrı-ayrı ərazilərində, nisbətən bataqlıqlaşmış ərazilərdə qleyli torpaqlar, quru səhra və yarım səhra iqlimi şəraitində isə boz torpaqlar yayılmışdır. Daxili dağətəyi ərazilərdə qara, yüksək dağlıq yamaclarda dağ-qara və qonur, subtropik, tropik çöl və yarımsəhra iqlimi şəraitində boz-qonur torpaqlar yayılmışdır.

Amerikanın ispanlar tərəfindən kəşf edilməsinə qədər Meksika ərazisində Mayyalıların və Atsteklərin dövləti mövcud olmuşdur. 1518-ci ildə İspaniya konkistadoru Xuan Qrixalvanın ekspedisiyası Meksikaya ilk dəfə qədəm basmışdır. 1519-cu ildə ispan konkistadoru Kortesin dəstəsi Meksika ərazisinə gəlmiş, burada Verakruz adlı şəhərin təməlini qoymuşdur. Tezliklə o, heç bir döyüş olmadan Astek dövlətinin paytaxtı Tenoçtitlanda (indiki Mexiko) daxil olur və astek hökmdarı Montesumunu əsir götürür.

1520-ci ildə asteklərin ispanlara qarşı üsyanı baş verir. 1521-ci ildə Kortes 10 minlik antiastek ruhlu hindli ordusu ilə Astek dövlətini fəth etmişdi.

1522-ci ildə Kortes Yeni İspaniyanın ilk qubernatoru və general kapitanı oldu. 1524-cü ildə Yeni İspaniyaya Qvatemala və Qonduras birləşdirildi.

1535-ci ildə mərkəzi Mexiko şəhəri olmaqla Yeni İspaniya adlı vitse-krallıq quruldu. Yeni İspaniyanın ilk vitse-kralı Antonio de Mendosa təyin olundu.

Meksikada 1810–1824-cü illərdə İspaniya müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsi baş vermişdi. 1821-ci ildə ispan zülmündən xilas olan və müstəqillik əldə edən Meksikanın ümumi ərazisi 5 mln. km2 -ə qədər idi. Bu ərazi Solt-Leyk gölündən müasir Kosta-Rika sərhədlərinə kimi uzanırdı.

Müstəqil Meksikanın ilk Konstitusiyası 1824-cü ildə qəbul olunmuşdu. Elə həmin il Mərkəzi Amerika dövlətləri federasiyası Meksika imperiyasından ayrılaraq özünün müstəqilliyinə nail oldu.

1846–1848-ci illərdə ABŞ ilə müharibə nəticəsində onun ərazisinin təxminən yarısı, 2,2 mln. km2

Meksika əhalisinin formalaşması əsasən yerli hindularla və sonradan İspaniyadan köçüb gəlmiş ispanların qarışığı əsasında baş vermişdir. Yavaş da olsa yeni metis etnik qrupu yaranıb, formalaşmışdır. Latın Amerikasının qədim mədəniyyətə malik ölkələrindən xusüsilə də Peru və Boliviyadan fərqli olaraq Meksika əhalisinin 85%-i metislərin payına düşür. Müstəmləkə dövründə bura bir qədər zənci qullar da gətirilmişdir.

1521-ci ildə siyahıyaalmanın nəticəsində məlum olmuşdur ki, ölkə əhalisinin sayı 9.1 mln. nəfərdir və onun da 7,3 mln. nəfəri astek tayfalarıdır. Ölkə ərazisinin müstəmləkəyə çevrilməsi, hinduların kütləvi qırğını, sonradan isə onlar ücün yaradılan ağır şərait əhalinin getdikcə azalmasma səbəb olmuşdur. X əsrin əvvəllərində baş verən müharibələrdə də əhalini sayının azalması müşahidə edilmişdir. 1920-ci ildə sonra əhalinin sayı əvvəlcə sabitləşməyə və getdikcə artmağa başlamışdır. Əhalinin çox hissəsinin mərkəz ştatlarda cəmləşməsi həm təbii, həm də sosial-iqtisadi amillə əlaqədardır.

Əhalinin, xüsusilə ispanların ölkənin mərkəzi rayonlarına, El-Baxio, Valye-de-Toluqa, Valye-de-ulba vadilərinin və yaylalarının yumşaq iqlimi, məhsuldar torpaqları, meşə massivləri, xarici ticarət üçün əlverişli limanları cəlb etmişdir.

İqtisadi tərəqqi, nəqliyyat vasitələrinin yaxşılaşması, yeni şəhərlərin yaranması, ölkədə əhalinin mərkəzdə yerləşməsinə baxmayaraq, daxili miqrasiya əsasında yeni kənd təsərrüfatı rayonlarında əhali getdikcə artır. Ölkənin şimal rayonlarının iqtisadiyyatında heyvandarlığın xüsusi çəkisinin artması da bura əhali miqrasiyasına şərait yaratmışdır. Neft hasilatının artması, müvafiq sənaye sahələrinin yaranması, ABŞ-la sərhəd zonasında sənaye obyektlərinin və mərkəzlərinin yaranması, ticarət-iqtisadi əlqələrin genişlənməsi, turizm digər sahələr əhalinin yerləşməsi, sıxlığı və əmək ehtiyatlarının formalaşmasına təsir edən əsas amillər olmuşdur.

"Demoqrafık partlayış" şəraitində tropik, yarımsəhra və səhraların mənimsənilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Bu ərazilərin mənimsənilməsinə hələ müstəmləkə dövründə başlanılmışdır. XIX əsrdə Avropa immiqrantları bu əraziləri mənimsəməyə cəhd göstərmiş, lakin ciddi dönüş yarada bilməmişdilər. Hazırda yüksək urbanizasiyalaşmış mərkəzdə əhali sıxlığı problemini həll etmək üçün yeni torpaqların mənimsənilməsi dövlət tərəfindən planlı surətdə həyata keçirilir. Yeni-yeni sənaye sahələrinin yaradılması istehsal münasibətlərinin inkişafı şəhələrin artmasına, mövcud şəhərlərin isə böyüməsinə səbəb olmuşdur. Bütövlükdə ölkə üzrə əhalinin artımı üç iri mərkəzdə — Mexiko, Qvadalaxara və Monterreydə daha çoxdur. Belə ki, bu şəhərlərdə iri sənaye obyektləri cəmləşmiş, siyasi, mədəni, maliyyə, bazar münasibətləri funksiyaları çoxalmış, digər şəhər və rayonlarla əlaqələrinin artması nəticəsində infrastrukturlar xeyli yaxşılaşdırılmışdır. Güclü maliyyə imkanları və iqtisadi bazası olmayan şəhərlərdə isə artım, demək olar ki, müşahidə edilmir. Ölkə əhalisinin məskunlaşmasında əsas problemlərdən biri hələ ispan konkistadorları dövründə öz ərazilərindən tamamilə qovulmuş və bugünə qədər əzab-əziyyət çəkən hindu problemidir. 21 müxtəlif hindu dilində danışan bu əhali iri rayonların sərhəddində yaşayır.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Meksikanın inkişaf tarixində iqtisadiyyatın müxtəlif sahələri növbə ilə üstünlük təşkil edir. Belə ki, müstəmləkə dövründə dağ-mədən sənayesi üstün idisə, XX əsrin əvvəllərində əkinçilik və emal sənaye sahələri böyük əhəmiyyət kəsb etməyə başlamışdır. 1930–1960-cı illərdə kənd təsərrüfatı ilə sənaye sahələrinin bərabərləşməsi birləşdirən kommunikasiyarm sənayenin ayrı-ayrı sahələrinin isə xüsusi çəkisinin artması başlanmışdır. Sənaye-aqrar ölkəsi olan Meksika Latın Amerikasında çox sürətlə inkişaf edən ölkələrdən biridir. Son illər ciddi maneələri dəf edən ölkənin milli iqtisadiyyatı böyük müvəffəqiyyətlərə nail olmuşdur. Son 5 ildə ümumi daxili məhsulun artımı 2–2,8% olmuşdur. Ölkədə iqtisadiyyatın dirçəldilməsi, dövlət vəsaitinə qənaət etməklə struktur dəyişiklikləri etmək, neftin ixracından asılılığı azaltmaq, xarici kapitala şərait yaratmaq sahəsində böyük işlər görülmüşdür. Özəlləşdirmə prosesini sürətləndirməklə dövlət büdcəsi gəlir hesabına digər sahələrin inkişaf etdirilməsinə nail olmuş, dövlət nəzarətində əsas sahələr olan neft, qaz sənayesi, elektroenergetika, dəmir yol nəqliyyatını saxlamışdır. Yaxın gələcəkdə Meksika dünyanın sənaye məhsulu istehsalında, xüsusilə də toxuçuluq, yeyinti, kimya sənayesi, nefte emalı, dağ-mədən sənayesi, metallurgiya, nəqliyyat vəsaitləri və istehlak malları istehsal sahəsində inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaqdır.

Müstəmləkə dövründə Meksikada əsasən qiymətli metallar istehsal edilirdi və başqa faydalı qazıntıların hasilatı barədə fıkirləşilmirdi. Özünün müstəqilliyini elan edənə kimi ölkə İspaniyanın xammal mənbəyi idi, hazır məhsulların hamısı İspaniyadan gətirilirdi. Ölkə müstəqilliyini əldə etdikdən sonra ilkin dövrlərdə, yəni 1821–1880-ci ildə sənayenin yenidən qurulmasına o qədərdə meyil etmirdi, lakin 1880–1925-ci illərdə xarici investisiyaların yavaş da olsa əraziyə axını başladı. Dəmir yolu çəkilişinin başlanması, fıliz mədənlərinin və neft rayonlarının dəniz limanları və ABŞ ilə sərhəd məntəqələrini birləşdirən kommunikasiyaların yaradıdılması, xarici şirkətlərə güzəştlərin həyata keçırilməsi başlandı. XIX əsrin əvvəllərində artıq kimya məhsulları istehsal edən müəssisələrin fəaliyyəti başladı.

Ölkənin yanacaq-energetika balansının əsəsını təşkil edən neft sənayesi 1938-ci ildə tamamilə milliləşdirilmişdir. Ölkədə neft ehtiyatlarının aşkar edilməsi mənimsənilməsi sahəsində böyük işlər görmüşdür.

Neft hasilatının əsas rayonu Meksika körfəzi sahilində ABŞ ilə sərhəddən Qvatemalaya qədər olan ərazi sayılır. Neft-qaz hasılatını artırmaq məqsədilə geoloji axtarış işləri aparılır. Ölkənın şimal-qərbində yerləşən iri şəhərlərə neft və neft məhsulları xüsusi tankerlərlə daşınır. Əsas neft kəmərləri Posa-Rikodan Federal dairəyə, Salamanka və Qvadalaxaraya, Posa-Rikodan Tampiko və Monterreyə, Syudad-Pemeksdən Minatitlandan keçməklə Salina-Krusa və s. çəkilmişdir. Reynos-Matomaras, Mexiko və Syudad-Pemeks-Federal dairəyə Salamanka qaz kəmərləri fəaliyyət göstərir.

Meksikanın əsas təbii qaz ehtiyatları onun cənubunda, Posa-Riko və Reynos şəhərləri ətrafındadır. Bu ehtiayt ölkənin təbii qaza olan ehtiyacını tamamilə ödəyir.

Ölkənin metallurgiyasına tələb olunan daş kömür Sabinas-Nueva-Rosita hövzəsindən çıxarılır. Yaki çayının yuxarı axarında, Oaxaka, Çiyaya, Çyapas və Gerrero ştatları ərazilərindəki kömür ehtiyatlarından da istifadə edilir.

Meksikanın iqtisadi inkişafı onun elektrik enerjisi istehsalının artmasından görünür. Ölkədə ilk elektrik stansiyalan XIX əsrin sonunda xüsusi kapital əsasında Verakrus, Puebla ştatlarında və Federal dairədə tikilmişdir. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 3/5-hissəsi İES, 2/5-i SES-ın payına düşür.

XIX əsrin ortalarından başlayaraq Meksikada qiymətli metallarla yanaşı, digər faydalı qazıntıların da axtarışına və istehsalına başlanmışdır.

1910–1917-ci il inqilabı dövründəki müharibələr qurtardıqdan sonra Amerika kapitalı Meksika iqtisadiyyatında vaxtilə üstünlük təşkil edən Avropa şirkətlərini sıxışdırmağa başlayaraq dağ-mədən sənayesini öz əlinə keçirdi. Merkadonun dəmir filizi, Sabinas-Nueva-Rosita hövzəsinin daş kömürünün hasilatı genişləndirildi. Qrafıt, maqnezit, duz, kükürd, sürmə, manqan, volfram, molibden hasilatı artırıldı. Elə həmin vaxtdan da ölkənin dağ-mədən sənayesi xarici şirkətlərdən asılı vəziyyətə düşdü. Əlvan metalların əksəriyyəti xammal şəklində ixrac edilir, yalnız dəmir filizi, kömür və qalay ölkə daxilində emal və istehlak edilir. Yeni-yeni mədənlərin işə salınması, xususilə də, ölkənin şimal və şimal-qərb ştatlarında aparılan geoloji kəşfiyyat işləri xeyli səmərəli olmuşdur. Burada qurğuşun-sink, gümüş, qızıl ehtiyatları olduqca çoxdur. Dəmir filizinin ümumi ehtiyatı 570 mln. ton hesablanmışdır. Manqan filizinin əsas yataqları Xamisko, Çiyaya və Sonora ştatlarının ərazisində cəmlənmişdir.

Sonora ştatı həmçinin əsas mis yataqları ilə fərqlənsə də burada son vaxtlar gümüş, qurğuşun sink, qızıl da istehsal edilir. Uran filizinin əsas ehtiyatları bir çox ərazilərdə o, cümlədən Quadalupe, El-Sotolar, Duranqo, Sonora və digər ştatlardadır. Kükürdün əsas ehtuyatı Teuantepek bərxəzindədir.

Ölkədə çuqun və polad istehsalına XX əsrin əvvəllərində başlanmışdır. O, hazırda qara metallurgiyanın inkişaf səviyyəsinə görə Braziliyadan sonra regionda ikinci yeri tutur.

Meksika sənayesinin ən qocaman sahələrindən biri toxuculuq sənayesidir ki, o bu gün də sənayenin əsas sahələrindən biri hesab olunur. Ölkənin əksər rayonlarında onun müəssisələri yerləşmişdir. Ölkənin əksər rayonlarında onun müəssisələri yerləşmişdir.

Yeyinti sənayesi emaledici sənayenin həm ən qədim, həm də istehsal olunan məhsulun dəyərinə, çalışan əhalinin sayına görə fərqlənir.

Ölkədə sürətlə inkişaf edən maşınqayırma və metal emalı müəssisələrinin əksər hissəsi mərkəzi və onu əhatə edən rayonların ərazisindədir. Federal dairə, Mexiko ştatı və Monterrey aqlomerasiyası nəqliyyat maşınqayırmasının əsas mərkəzləri hesab edilir. Federal dairə, ona yaxın ərazilər və Mexiko ştatı ölkənin sənaye məhsulu istehsalının təxminən yarıdan çoxunu verir və mürəkkəb sahəvi struktura malikdir.

Neft-kimya və metallurgiya sənayesi yüksək səviyyədə təmərgüzləşməsi ilə seçilir. Ölkədə istehsal olunan çuqun və poladın 90%-dən çoxu 4 şirkətin, onunda 45%-i "Alltosorios-de Mexiko" şirkətinin payına düşür.

Kənd təsərrüfatı

[redaktə | vikimətni redaktə et]

İqlimin, relyefin və torpaq örtüyünün müxtəlifiiyi Meksikada bir çox kənd təsərrüfatı məhsulu istehsal etməyə imkan verir. Bununla yanaşı təbii şəraitin bəzi xüsusiyyətləri — musson xarakterli yağıntılar, dağ sistemlərinin şimal qərbdən cənub-şərq istiqamətində uzanması bununla da əlaqədar qış dövründə soyuq hava kütlərinin şimaldan asanlıqla əraziyə daxil olması əkinliyin nisbətən məhdudlaşmasına səbəb olur. İlin qalan dövrlərində təxminən ölkə ərazisi bütövlüklə quraqlıqdan əziyyət çəkir. Yalnız yüksək dağlıq ərazilər, dəniz sahili və Aralıq dənizi iqlim tipinin mövcud olduğu Aşağı Kaliforniyanın şimal-qərbi, Tamaulikas ştatının mərkəzi, Sonora ştatının şimal hissəsi istisnalıq təşkil edir.

Meksikada müxtəlif kənd təsərrüfatı məhsulları istehsal olunsa da onları iki əsas qrupa bölmək olar: daxili ehtiyacı ödəmək məqsəldilə əkilən və ixrac istiqamətli ərzaq bitkiləri. Əsas ərzaq bitkisi qarğıdalı hesab edilir və əkin yerinin təxminən yarısını əhatə edir. Ölkənin mərkəzi, cənub və şərq rayonları əhalisinin qida rasionunda qarğıdalı böyük rol oynayır.

Qarğıdalıdan başqa əhalinin rasionunda eyni zamanda buğda, çəltik, şəkər qamışı, lobya, bibər mühüm yer tutur. Şimal, Mərkəz və Şimal-Qərbin təsərrüfatlarında buğda nəzərəçarpacaq rol oynayır. Ölkə hazırda daxili tələbatını tam ödəyir və qismini də ixrac edir. Vacib ixrac məhsullarına eyni zamanda pambıq, qəhvə, şəkər qamışı və pomidor daxildir. Suvarma ərazilərində istehsal edilən meyvə tərəvəz daxili və xarici bazarlara çıxarılır.

İqlim dəyişkənliyinə, temperatur amplitudunun müxtəlifliyinə, quraqlığa, hündürlüyə asanlıqla davam gətirən qarğıdalı ölkənin əksər bölgələrində becərilir.

Əvvəllər az bir ərazidə becərilən buğda indi ölkənin bir çox ştatlarında, suvarılmayan ərazilərdə, çay vadilərində becərilir. Ölkənin iqlim şəraitinə uyğunlaşmış yeni buğda sortları ümumi məhsulun əsasını təşkil edir.

Ölkənin tropik və subtropik iqlim qurşaqlarında, suvarılan ərazilərdə çəltik istehsal edilir. Kənd təsərrüfatı istehsalında arpa mühüm yer tutur. İsti subtropik və isti mülayim iqlim şəraitində meyvəçilik bir çox ştatların ərazilərində yüksək məhsul verir. Sitrus bitkiləri içərisində ən geniş yayılanı portağaldır. Son illər şərab istehsalı üçün texniki üzüm sortları əkin sahələrinin genişləndirilməsinə qayğı artırılmışdır. Meksika dünyada ən çox istiot istehsal edən ölkələrdəndir.

Son on ildə əlverişli təbii şəratdə becərilən şəkər qamışının istehsal həcmi artırılmaqdadır. Ölkədə banan, yer fındığı, kakao, sizal, pomidor, qəhvə, pambıq və digər məhsulların istehsalının həcmi artır.

Meksikada heyvandarlıq indikindən qat-qat güclü inkişaf etmə imkanlarına malikdir. Təbii landşaftın müxtəlifliyi və təbii otlaqların rəngarəngiliyi onun güclü yem bazası hesab edilir. Təsadüfi deyildi ki, təbii otlaqların ümumi sahəsi meşə örtüyündən və əkin sahəsindən çoxdur. Deməli, heyvandarlığın inkişafının zəifliyi yem bazası ilə yox sosial-iqtisadi inkişafla əlaqədardır. İstər kənd yaşayış məntəqəsində, istərsə də şəhərlərdə yaşayan əhalinin alıcılıq qabiliyyəti aşağı olduğundan ət-süd məhsullarının kütləvi istehlakı da azdır və bu gəlir gətirən sahəyə çevrilə bilmir. Uzun illər ərzində ölkədə heyvandarlıq ixrac məhsulu istehsal etmişdir. Buna görə də indi ölkə iqtisadiyyatında, xüsusilə də kənd təsərrüfatında ciddi dönüş yaratmaq üçün ölkənin təbii komplekslərini daha yaxşı öyrənmək, eyni zamanda heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq əsas vəzifədir.

Tədqiqatlar göstərir ki, təbii otlaqların sahəsi 70 mln. ha yaxındır və əsas otlaqlar ölkənin şimal, şimal şərq və şimal-qərb ştatlarındadır. İri buynuzlu mal-qaranın çox hissəsi Verakrus, Xalisko, Sonora, Sinaloa, Oaxaka, Tamaulinas ştatlarında, xırda buynuzlu mal-qara isə Koauila, Oaxaka, Nuevo-Leon, Sakatekas, San-Luis-Potosi və Gerrero ştatlarında cəmləşmişdir. Ölkə ərazisi əsasən dağlıq relyefə malik olduğundan ənənəvi qoşqu və minik heyvanları olan at, qatır və uzunqulaq saxlanması bütün ştatlarda əhəmiyyət kəsb edir. Son illər sənayenin güclü inkişafı ilə əlaqədar olaraq urbanizasiyanın səviyyəsi yüksəlmiş, şəhər əhalisi artmışdır. Buna görə də şəhər əhalisini ət və yumurta ilə təmin etmək məqsədilə əhalinin sıx məskunlaşdığı regionlarda və iri şəhərlərin ətrafında sənaye quşçuluğu böyük əhəmiyyət kəsb etmişdir.

Daxili fərqləri, iri iqtisadi rayonları

[redaktə | vikimətni redaktə et]

Meksikanın ayn-ayrı regionlarının inkişafında qeyri-bərabərlik müşahidə edilir. İlkin inkişaf ölkənin mərkəzi regionlarında baş vermişdir. Əhalinin mərkəzi rayonlarda cəmləşməsi, emaledici sənayenin Meksika dağlıq yaylasının təbii resurslarına və çayların enerjisinə əsaslanmaqla inkişafı getdikcə artmağa başladı. Ölkədə neft sənayesinin milliləşdirilməsindən sonra neft emalı sənayesi inkişaf etməyə, şimal-qərb, şərq və Yukatan ərazilərindəki su resurslarından geniş istifadə ölkənin xalq təsərrüfatının yeni mərhələyə daxil olmasını sürətləndirdi. XX-əsrin 30-cu illərindən başlayaraq dərin dəyişiklərin həyata keçirilməsi nəticəsində ərazi vahidliyi möhkəmlənməyə başlamış, tropik vilayətlərin milli istehsala cəlb edilməsi sürətlənmişdir. Son illərdə suvarma sistemlərinin yaradılması, elektrostansiyaların tikilməsi, aqrar islahatlar, neft və qaz kəmərlərinin çəkilməsi, kənd təsərrüfatına kreditin aynlması və digər tədbirlər Meksikanın iqtisadiyyatını xeyli möhkəmləndirmişdir. İqtisadi cəhətdən inkişaf etmiş regionlar daxilində hələ kifayət qədər geridə qalmış ərazilər də mövcuddur. Bu ərazilərin kənd təsərrüfatı, sənayesi və nəqliyyatı son dərəcə zəif inkişaf etmişdir.

Suvarılan torpaq sahələrinin 49%-dən 15%-i Şimal-Şərq, 13%-i Şimal rayonunun ərazisindədir. Neft-mədən sənayesi məhsulunun dəyərinin 70%-dən çoxu Şimal rayonunun payına düşür.

Şimal-Qərb iqtisadi-coğrafi rayonunun ərazisinə şərqdə Qərbi SyerraMadre ilə qərbdə Sakit okeanın sahil xətti, şimalda isə ABŞ ilə dövlət sərhəddində olan sahə daxildir. Rayonun iqlimi quru subtropikdən tropik savanna iqliminədək dəyişir.

Yağıntıların miqdarı cənub-şərqdən şimal-qərbədəklər tədricən azalır. Sakit okeanın hövzəsinə aid olan dağ çayları rayonun inkişafında müstəsna rol oynayırlar. Aşağı Kaliforniya, Sonora və Nayarit ştatlarının vahid bir iqtisadi rayonda birləşməsi onların suvarma əkinçiliyi istiqamətində ixtisaslaşmaları, daxili və xarici bazar üçün əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal etmələridir.

Rəsmi dili ispan dilidir.

Ölkədəki dinlər: roma katolik kilsəsi −89%, protestan-6%, qalanları-5%

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]