Kür
Kür çayı | |
---|---|
azərb. Kür türk. Kura gürc. მტკვარი erm. Կուր q.yun. Κῦρος fars. کوروش | |
| |
Ölkələr | |
Şəhərlər | |
Mənbəyi | Şərqi Anadolu bölgəsi |
• Yüksəkliyi | 2,740 m (8,990 ft)[1] |
Mənsəbi | Xəzər dənizi |
• Yüksəkliyi | −26.5 m (−87 ft)[2] |
Uzunluğu | 1,515 km (941 mil) [3] |
Su sərfi | 443 m³/s |
Su hövzəsi | 198,300 km2 (76,600 kv. mil)[4] |
Hövzəsinin sahəsi | 188 000 km² |
Faunası | Qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan, qırqovul,qaban, canavar, qamışlıq pişiyi, porsuq, susamuru, tülkü, maral, qunduz, dələ, Gəlincik, dovşan, çaqqal,çöl pişiyi, süleysin |
Qoruqlar | Qızılağac, Qarayazı |
Göl | Sarısu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش, translit. Kuruş[5][6]) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.
Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su-elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Kürün adı, Əhəmənilər İmperiyasının imperatoru olmuş II Kirin adı ilə bağlıdır. Bu hidronimin adını Kür formasında ilk dəfə Strabon (I əsr) çəkmişdir (Strabon, XI, 2). Lakin e.ə. VIII əsrə aid Urartu mənbəsində Kuriaini adlı ölkənin adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisindəki Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar.[7] Əgər bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi e.ə. VIII əsrdə aiddir.[8]
Azərbaycanda bu adın mənası haqqında iki fikir söylənilmişdir. A. Axundov onu Udi dilindəki kur — "quyu",[9] K. H. Əliyev isə qrız dilində kur -"çay"[10] sözləri ilə bağlamışdır. Lakin araşdırmalar onun türk dillərindəki kür -"bol (sulu)", "qüvvətli", "sürətli", "sarsılmaz", "məğrur" sözündən ibarət olduğunu göstərmişdir. Həqiqətdə də Cənubi Qafqazda Kür ən böyük və bol sulu çaydır. Kür etnoniminin türk mənşəli olduğunu göstərən bir fakt da vardır. XIX əsrdə Şimali Qafqazda (Maykopda, Mozdokda və Kubanda) Kür adlı üç çay vardı. Aydındır ki, oralarda nə Udilər, nə də qrızlılar çay adları yarada bilməzdilər.[8]
Kür çayının gürcü dilindəki adı olan Mt'k'vari (qədim gürcü dilində Mt'k'uari) sözü gürcü dilindəki "yaxşı su" yaxud meqrel dilinin gürcüləşmiş variantı tkvar-ua, yəni "dağları yarıb keçən çay" mənasını verir.[11] Kür yaxud Kura adı ilk dəfə ruslar və daha sonra avropalılar tərəfindən istifadə olunmağa başlandı. Avropa sərhədlərinin bəzi təyinatlarında Kür çayı Avropa ilə Asiyanın sərhədi kimi göstərilir.[12]
Axını
[redaktə | vikimətni redaktə et]Kür çayı Türkiyə ərazisindəki Allahuekber dağının şimal-şərq yamacından, 2740 m hündürlükdən başlanır.[13] Sonra qərbə doğru, Ardahandan şimala və şərqə axır və Gürcüstana keçir. Şimal-qərbdə, daha sonra Akhaltsikhe yaxınlığında bir kanyona yayılır, buradan başlayaraq şimal-şərqə təxminən 75 km məsafədə Xaşuri yaxınlığında dağlarda dərəyə axır. Daha sonra şərqə doğru axır və təxminən 120 kilometr məsafədə şərq-cənub-şərqdən axmağa başlayır, Qorini keçir və sonra Mtsxeta yaxınlığında, qısa bir kanyondan cənuba və regiondakı ən böyük şəhər olan Tiflisin qərb tərəfi boyunca axır. Çay dərin axınlarla cənub-şərqdən Rustaviyə axır və Xrami çayı ilə qovuşmasından sonra şərqə doğru dönür, Gürcüstan-Azərbaycan xəttini keçərək otlaq sahələri arasında Şəmkir su anbarına və sonra Yenikənd su anbarına axır.[14] Daha sonra Kür Azərbaycanda ən böyük su hövzəsi olan Mingəçevir su anbarına axır və Bərdə rayonundan bir neçə yüz kilometr boyunca geniş bir suvarılan düzənliyə doğru davam edir, Sarısu gölünün yaxınlığında şərqə dönür və bir qədər sonra Sabirabad şəhərində Suqovuşan adlanan yerdə ən böyük qolu olan Arazı ilə birləşir. Sonra cənuba doğru 60 km axan çay Neftçala ərazisində Xəzər dənizinə tökülür.
Hövzəsi
[redaktə | vikimətni redaktə et]Kür Gürcüstanın ərazisindən keçərək Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür. Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Kür çayının ümumi uzunluğu 1515 km-dir. Onun 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.
Azərbaycan ərazisindəki Qanıxçay, Qabırrıçay, Türyançay, Ağstafaçay, Tovuzçay, Zəyəmçay, Şəmkirçay, Tərtərçay, Xaçınçay və s. çaylar Kür hövzəsinin çaylardır.
İqtisadi əhəmiyyət
[redaktə | vikimətni redaktə et]Kür çayı sahilində yerləşən şəhərlər: Borjomi, Qori, Mtsxeta, Tiflis, Rustavi, Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan Neftçala. Çayın deltasında uzunburun, ağ balıq, nərə, ilanbalığı və başqa balıqlar ovlanır. Sovet vaxtında çayın Tiflisə qədər olan hissəsi yuxarı ərazilərdən meşə materiallarının axıntı boyunca daşınmasında istifadə olunurdu. Çay Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd su bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Bundan başqa, Azərbaycan ərazisində Kürün suyu suvarma üçün intensiv şəkildə istifadə olunur. İntensiv suvarma Kürün səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Ekoloji vəziyyəti
[redaktə | vikimətni redaktə et]Kür çayına əvvəlcə Gürcüstanın Axalsixe, Borjomi, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 milyon m³ –ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır. Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır. Tbilisidə olan 30-dan çox küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin ("Elektroaparat", "Dəzgahqayırma", "Baxtrioni", "Kruanisi", "Ekran" Dimitrov adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, sabitləşdirmə zavodları, bir çox başqa sənaye müəssisələri, avtomobil parkları və xəstəxanalar) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. Tbilisi daxilində sutkada daha 1 mln. m³ çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min kub metrlərlə sənaye və təsərrüfat-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir.[15]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Kür hövzəsinin şəkilləri
[redaktə | vikimətni redaktə et]-
Kür çayı Gürcüstanın Qori rayonu ərazisində
-
Kür çayı Tbilisi şəhəri ərazisində
-
Kür çayı Şirvan şəhəri ərazisində
-
Kür çayı Salyan rayonu ərazisində
-
Sabirabadda Kür Araz qovşağı
-
Kür çayı Mingəçevir şəhəri ərazisində
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Guluzada, Lidiya. "Kura River—Transboundary Watercourse of Caucasus" (PDF). Fondazione Eni Enrico Mattei. 2016-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-03-12.
- ↑ "General Background". Caspian Environment Programme. 2004-11-06. 2001-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
- ↑ "Regional Partnership for Prevention of Transboundary Degradation of the Kura-Aras River Basin". Environmental Conservation and Management. United Nations Development Programme. 2002. November 20, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
- ↑ Mamedova, N. "Using Spaceborne Data and GIS-technology for Research of Coastal Zone in Azerbaijan" (PDF). Department of General Geography, Baku State University, Azerbaijan. International Society for Photogrammetry and Remote Sensing. 2011-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-03-13.
- ↑ Allen, William Edward David. A history of the Georgian people: from the beginning down to the Russian conquest in the nineteenth century Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, Routledge & Kegan Paul, 1971, p.8. ISBN 978-0-7100-6959-7
- ↑ Gachechiladze, Revaz. The New Georgia[ölü keçid], TAMU Press, 1996, p.18. ISBN 978-0-89096-703-4
- ↑ Мешшанинов И. А. Предположительные сведения о движении халдов в пределах Азербайджана. Известия Азербайджанского Археологического Комитета. 1926, III, c.36; Меликишвили Г. А. Урартские клинообразные надписи, с.438
- ↑ 1 2 B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
- ↑ Axundov A. Kür sözünün etimologiyasına dair. "S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin əsərləri", 1956, № 3
- ↑ Алиев К. Г. О названии реки Кура. "Доклады АН Азерб. ССР". 1959, № 4.
- ↑ Pospelov, E. M. Geograficheskie nazvaniya mira (Moskva, 1998), p. 231.
- ↑ "Countries that exist wholly or partially within geographical Europe". 2018-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-06.
- ↑ "Azerbaijan: Geography, climate and population". AQUASTAT. Food and Agriculture Organization of the United Nations. 2010-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-18.
- ↑ Megvinetukhutsest, Nutsa. Background Map of the Kura-Aras River Basin (PDF) (Xəritə). Cartography by Trans-Boundary River Management Phase II for the Kura River basin—Armenia, Georgia, Azerbaijan. European Union. 2010-10-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
- ↑ Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri. Bakı 2006