Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir.
Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür:
- dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları;
- şəxsi immunitet və imtiyazlar.
Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir.
Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir.
Diplomatik immunitetin nəzəri əsaslandırılması
[redaktə | vikimətni redaktə et]Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur.
Eksterritoriallıq
[redaktə | vikimətni redaktə et]Hüqo Qrotsinin ideyaları əsasında yaranmışdır. Bu nəzəriyyəyə əsasən səfirliyin yerləşdiyi ərazi akkreditiv dövlətin ərazisinin hissəsi hesab olunur və uyğun olaraq bu ərazidə olan səfir və nümayəndəliyin personalı, bir növ, akkreditiv dövlətin ərazisində qalmaqda hesab olunurdu ki, bu baxımdan da onlara yerli dövlətin qayda və qanunları şamil olunmur. Hal-hazırda bu nəzəriyyə, demək olar ki, bütün doktrinalarda tənqidə məruz qalsa belə, beynəlxalq hüququn nəzəriyyə və praktikasında silinməz iz buraxmışdır. İndi də əsasən dövri mətbuatda və başqa mənbələrdə səfirliyin ərazisinin akkreditiv dövlətin ərazisinin hissəsi olması barədə yanlış fikirlər yer alır. Bu nəzəriyyəni təkzib edən alimlərin əksəriyyəti onun əsassızlığı və yanlış nəticələr ortaya çıxarmasını bir qayda olaraq 2 vəziyyətlə izah edir: a) səfirliyin binası hüquqi cəhətdən başqa dövlətin ərazisi sayılsaydı, burada nümayəndəliyin personalından olmayan şəxs tərəfindən cinayət törədilməsi halında bu şəxsin akkreditiv dövlətin orqanları tərəfindən dindirilməsi və məsuliyyətə cəlb edilməsi tələb olunardı ki, bu da belə deyildir; b) səfirliyin binasında cinayətkarın sığınacaq tapması halında yerləşmə dövlətinin onun geri verilməsi üçün müraciət etmək öhdəliyi yaranardı ki, beynəlxalq hüquqa əsasən isə səfirin özü – əgər siyasi cinayət deyilsə – sığınacaq tapmış şəxsi ya təslim edir, ya da yerli hakimiyyət orqanlarının binaya girməsinə icazə verir.
Funksional zərurət
[redaktə | vikimətni redaktə et]Qeyd edilən nəzəriyyə immunitet və imtiyazlar verilməsini diplomatik nümayəndəliyin funksiyalarının effektli həyata keçirilməsini təmin etmək zəruriliyi ilə izah edir. Bu nəzəriyyə 1961-ci il Vyana Konvensiyasının preambulasında da öz əksini tapmış və bu gün də, demək olar ki, hamı tərəfindən qəbul edilir, lakin bu nəzəriyyə də tamamilə mükəmməl hesab oluna bilməz və bu baxımdan doktrinalarda haqlı tənqidə məruz qalır. Belə ki, bu nəzəriyyə ilə heç də bütün immunitet və imtiyazları hüquqi cəhətdən əsaslandırmaq mümkün deyil. Məsələn, ölkəyə gəlmiş, yalnız funksiyalarının realizəsinə hələ başlamamış, həmçinin, funksiyalarına son verilmiş, lakin hələ də ölkəni tərk etməmiş diplomatik agentin immunitet və imtiyazlarını bu nəzəriyyə ilə əsaslandırmaq mümkün deyil. Funksional nəzəriyyə, o cümlədən, gömrük və vergi imtiyazlarını, diplomatik agentlərin ailə üzvlərinin immunitet və imtiyazlarını əsaslandıra bilmir.
Təmsilçilik
[redaktə | vikimətni redaktə et]Bu nəzəriyyə də Hüqo Qrotsinin səfir toxunulmazlığı təlimindən irəli gəlmişdir. Nəzəriyyəyə əsasən səfirlər öz monarxlarını təmsil etdiklərinə görə və monarxlar bir-birləri üzərində hakimiyyətə malik olmadıqlarına görə immunitetdən istifadə edirdilər (par in parem non habet imperium). Hal-hazırda isə səfirlər öz dövlətlərini təmsil edən şəxslər kimi dövlətlərin suveren bərabərlik prinsipinə əsasən immunitetlərdən istifadə edirlər. Təmsilçilik nəzəriyyəsinin belə müasir forma almasına baxmayaraq bəzi müəlliflər onun anaxronizm olduğunu göstərirlər. Belə ki, bu nəzəriyyə yalnız səfirin monarxın təmsilçisi olduğu dövrdə təşəkkül tapdığı üçün diplomatik nümayəndəliyin başçısının immunitet və imtiyazlarını əsaslandırmağa yetir. Bütün digər personal, onların ailə üzvləri bu nəzəriyyəyə əsasən immunitet və imtiyazlardan istifadə etməməlidirlər ki, bu da mövcud praktikaya uyğun deyil. Bu nəzəriyyəyə əsasən, immunitet yalnız rəsmi fəaliyyətlə əlaqədar şamil olunur və digər heç bir hərəkətlə əlaqədar verilmir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- H. A. Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, 480 səh.