Kuti dövlət qurumu

Vikipediya, azad ensiklopediya
(Kuti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Krallıq
Kuti dövlət qurumu
Quti
Kuti dövlətinin təxmini əhatə etdiyi ərazi
Kuti dövlətinin təxmini əhatə etdiyi ərazi
 
 

Paytaxt Arappa (müasir Kərkük)
Rəsmi dilləri kuti dili, manna dili
Dövlət dini Politeizm
Tarixi
 • e.ə. 2175e.ə. 2104 Kutilərin İkiçayarsında hakimiyyəti ələ keçirməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


KutiKutilərin (Qutilərin) dövlət qurumu haqqında mövcud olan məlumatlar məhduddur. Çünki onların hakimiyyət dövrü haqqında qəti tarixi mənbələr azdır və çoxu yalnız Mesopotamiya yazılı qaynaqlarına əsaslanır. Buna baxmayaraq, Kutilərin dövlət qurumunun əsas xüsusiyyətləri barədə bəzi ümumi təsəvvürlər əldə etmək mümkündür.

Kuti dövlət qurumunun əsas xüsusiyyətləri

Mərkəzləşdirilməmiş və dağınıq idarəetmə: Kutilərin idarəetməsi dağınıq və qeyri-mərkəzləşdirilmiş bir quruluşa malik idi. Kuti dövləti Mesopotamiya şəhərlərini birbaşa idarə etməkdə çətinlik çəkirdi, çünki Kutilər dağlıq bölgələrdə yaşayan köçəri bir qövm idilər. Onların əsas strategiyası tabe etdikləri şəhərlərə basqınlar və soyğunlarla nəzarət etməkdən ibarət idi. Kutilərin hakimiyyəti ŞumerAkkad şəhərlərinin ardıcıl olaraq işğal edilməsi və resursların məcburi toplanması ilə səciyyələnir.

Siyasi və hərbi liderlər: Kutilərin idarəetmə strukturu haqqında məlum olan azsaylı mənbələr onların daha çox hərbi gücə dayanan bir liderliyə malik olduqlarını göstərir. Bu liderlər dövləti birləşdirən və geniş ərazilərə nəzarəti təmin edən şəxslər kimi çıxış edirdilər. Kutilərin hökmdarları adətən “şar” (kral) kimi deyil, “Lugal” (hökmdar) adlandırılırdı ki, bu da onların gücünün və idarəetmə tərzinin Mesopotamiya kralları qədər mərkəzləşdirilmədiyini göstərir.

Verilən feodallıq və ya yarı-müstəqil şəhər-dövlətlər: Kutilər işğal etdikləri Mesopotamiya şəhər-dövlətlərini tamamilə öz nəzarətlərinə almadılar; əksinə, həmin şəhərləri yerli hökmdarların idarəsində saxlayaraq vergi və resurs toplamaqla kifayətləndilər. Beləliklə, Kuti hakimiyyəti feodal struktura bənzər bir idarəetmə ilə səciyyələnirdi.

Kuti hökmdarlarının siyahısı: Mesopotamiya mənbələrində Kuti hökmdarlarının siyahısı mövcuddur, lakin bu siyahı qeyri-müntəzəm və xaotik dövrü əks etdirir. Bu hökmdarlar dövründə sabit bir idarəçilik olmamış və tez-tez dəyişikliklər baş vermişdir. Kutilərin idarəetmə strukturu kövrək olduğu üçün hökmdarlar arasında tez-tez çəkişmələr yaranırdı.

Mədəniyyət və yerli idarəetmə üzərində təsir: Kutilərin Mesopotamiya mədəniyyətinə dərin təsiri olmamışdır. Onlar əsasən, yerli idarəetmə strukturlarını çox dəyişdirmədən, mövcud şəhər-dövlət sisteminə və yerli rəhbərlərə əsaslanmağa çalışırdılar. Bu Kuti dövlət idarəçiliyinin zəifliyindən və dağınıq quruluşundan irəli gəlirdi.

Uruk və Ur şəhərlərinin azadlıq mübarizəsi: Kuti hökmdarlarının hakimiyyəti uzun sürmədiyi üçün Mesopotamiya şəhərləri tez-tez onların hakimiyyətinə qarşı çıxırdılar. Ən məşhur nümunə Uruk şəhər hökmdarı Utu-heqalın Kutilərə qarşı qiyamıdır. Bu qiyam nəticəsində Kutilərin hakimiyyəti sona çatdı və III Ur sülaləsinin dövrü başlandı.

Yekun olaraq, Kutilərin dövlət qurumu qeyri-mərkəzləşdirilmiş, köçəri hərbi gücə əsaslanan bir quruluş idi. Onların əsas idarəçilik üsulu Mesopotamiya şəhərlərindən vergi və resurs toplamaqla bağlı idi. Lakin zəif mərkəzləşmə və yerli idarəetmə strukturlarına tam nəzarət edə bilməmələri onların hakimiyyətinin qısa müddətdə sona çatmasına səbəb oldu.

Kutilər erkən tayfa birliyi şəklində

[redaktə | vikimətni redaktə et]

E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumerİkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. "Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 – 2205) dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.

Kuti dövlət qurumu haqqında

[redaktə | vikimətni redaktə et]

E.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün Qərb və Cənub Qərb torpaqlarında (Qərbi Azərbaycan) Kuti dövləti meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Bu dövlətin hökmdarlarının adları qaynaqlarda qorunub saxlanmışdır:

  • e.ə. təxminən 2225 — 2205-ci illər — Kuti hökmdarı Erridupizirin hakimiyyəti
  • e.ə. təxminən 2204 — 2198-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
  • e.ə. təxminən 2198 — 2192-ci illər — Kuti hökmdarı İnkişuşun hakimiyyəti
  • e.ə. təxminən 2191 — 2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
  • e.ə. təxminən 2184 — 2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
  • e.ə. təxminən 2177 — 2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
  • e.ə. təxminən 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
  • e.ə. təxminən 2135 — 2133 – cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
  • e.ə. təxminən 2127 — 2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
  • e.ə. təxminən 2120 — 2113 – cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
  • e.ə. təxminən 2112 — 2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
  • e.ə. 2104 – cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu

Akkad dövlətinin süqutu və kutilərin İkiçayarasında hakimiyyəti

[redaktə | vikimətni redaktə et]
Kuti və ya Lulubi hökmdarına məxsus heykəl, Metropoliten muzeyi

Kuti tayfaları Naram-Suenin hakimiyyəti illərində, Akkad dövlətini tez-tez narahat edirdilər. Kutilər ilə mübarizədə Akkada Elam hökmdarı Kutik-İnşuşinak (e.ə.2240 – 2220) yardım göstərirdi. Elam bu dövrdə Akkadla tarixdə məlum olan ilk beynəlxalq müqavilə bağlayır. Müqaviləyə uyğun olaraq Kutik-İnşuşinak Zaqroş dağları istiqamətində yürüş edir və Kutilərin ölkəsinə gəlib çatır. Bu müvəqqəti qələbə də kutilərin İkiçayarasına axınının qarşısını ala bilmir və onların Akkad dövlətinə təzyiqi getdikcə artır. Kuti hökmdarları İmta (e.ə.2204 – 2197) və İnqeşauşun (e.ə. 2198 – 2192) hakimiyyəti illərində kutilərin İkiçayarasına müdaxiləsi daha da güclənmişdi.

Qaynaqların məlumatına görə kutilərin İkiçayarasına basqınları mal-qaranın şəhərlərə gətirilməsinə maneələr törədir və çöl-əkin işlərinə maneə törədirdi. Naram-Suenin ölümündən sonra Akkad dövləti öz qüdrətini itirir. Hakimiyyətə gəlmiş Şarkalişarri (e.ə. 2200 – 2175) Kuti basqınlarının qarşısını almaq məqsədilə onlara qarşı yürüş təşkil edir. Bu zaman kutilərin hökmdarı Sarlaq (Sarlaqab) (e.ə. 2191 – 2185) idi. Kutilər ilə döyüş İkiçayarasında baş verir və kutilər bu döyüşdə məğlub olur. Sarlaq əsir düşür. Sarlaqın varisi Yarlaqaş (e.ə. 2184 – 2178) ola bilsin ki, Akkad dövlətinə təzyiqi daha da gücləndirmiş və Akkadın süqutuna şərait yaratmışdı. Onun varisi Elulumeş (e.ə. 2177 – 2171) İkiçayarasında baş vermiş daxili hərc mərclikdən istifadə edərək burada kutilərin hakimiyyətini bərqərar etdi. Qaynaqda göstərilir ki, "hakimiyyət kuti tayfalarının əlinə keçdi" E.ə. 2175-ci ildə İkiçayarasında hakimiyyətə kutilər gəldi. Kutilərin İkiçayarasında təxminən 80 – 100 illik hakimiyyəti (müxtəlif tədqiqatçılar müxtəlif illər göstərirlər) zamanı onlara qarşı hər hansı bir narazılıq çıxışları olmamışdır. Yalnız sonuncu kuti hökmdarı Tirikanın adı ilə bağlı narazılıqlar qaynaqlarda əks olunmuşdur.

Kutilər İkiçayarasında mövcud olan idarə sistemini dəyişmədilər. Ölkəni canişinlər vasitəsilə idarə edirdilər. Kutilərə tabe olan şumer şəhər hakimləri ensi rütbəsi daşıyırdılar və müstəqil daxili siyasət yürüdürdülər. Yəqin ki, kuti hökmdarlarının İkiçayarasında da iqamətgahları vardı. İkiçayarasının şumer şəhərləri kuti hökmdarlarının şərəfinə gil kitabələr tərtib edirdilər. Kuti hökmdarı Laharabın (e.ə. 2135 – 2133) Sippar şəhərində akkad dilində yazısı aşkar edilmişdir .Kuti hökmdarları Yarlaqanda (e.ə.2120 – 2113) və Siumun (e.ə. 2112 – 2105) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.ə. 2127 – 2120) möhürü üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti bütün Ur şəhərini əhatə etmiş,Nippur, Sippar, Umma, Ur kimi şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi.

Kutilərin uzunmüddətli hakimiyyət illərində İkiçayarasının iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Siumun vəfatından sonra kuti taxt-tacına Tirikan (e.ə. 2104) sahib oldu. Tirikanın İkiçayarasında hakimiyyəti cəmi 40 gün sürür. Uruk şəhərində ona qarşı üsyan təşkil olunur. Qiyama Uruk ensisi Utuhenqal başçılıq edir. Utuhenqala aid edilən kitabədə kutilərin ünvanına mənfi ifadələr işlədilmişdir. Kitabə kutiləri "dağların zəhərli ilanı", "tanrılara əl qaldıran", "şumer hakimiyyətini dağlara aparan", "arvadı ərindən, övladı valideyndən ayıran", "ölkədə ədavət və hiddət yayan" adamlar kimi qələmə verir. Lakin kutiləri ünvanına deyilən ittihamları təsdiq edəcək əlavə tarixi mənbələr qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti dövründə İkiçayarasında məbəd tikintisi və bərpası davam edir. Kuti hökmdarı Sium da özünü "Ur məbədinin əbədi işçisi" adlandırır.

Kutilərin hakimiyyəti dövründə Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə (Fars körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, İkiçayarasına xarici müdaxilə dayandırılmış və Urmiya gölü hövzəsi ilə sıx ticari əlaqələr yaradılmışdı. Şumer və akkad gəncləri Kuti qoşununa xidmətə cəlb olunurdular. Əgər kutilər şumerdə ədavət salan siyasət yürütsəydilər uzun müddət hakimiyyətdə qala bilməzdilər. KutilərŞumer arasında ənənəvi sülh və dostluq münasibətlərinin olması daha inandırıcı görünür. Məhz buna görə də İkiçayarasının Şumer hissəsi kutilərdən asılı olsa da müstəqil siyasət yürüdürdü.

Tarixçilərin bir qismi kutilərin ünvanına söylənilən fikirləri həqiqət kimi qəbul etmiş, digərləri isə bunu müstəqil Şumer dövləti bərpa ediləndən sonra şumerlərin təbliğat işi adlandırmışdır. İkiçayarası cəmiyyətinin ictimai-iqtisadi quruluşundan doğan mənfi hallar kutilərin adına çıxılmışdı.

Utuhenqal tanrı Enlilin adından Uruk əhalisini kuti hökmdarı Tirikana qarşı çıxmağa sövq edərək "Şumer padşahlığının qaytarılmasını Enlil mənə etibar etmişdir" ifadəsini işlədirmiş. Utuhenqal Tirikana qarşı döyüşə urukluların qüvvəsi ilə hazırlaşır. Muru yaxınlığında (Umma şəhərindən bir günlük məsafədə yerləşirdi) döyüş baş verir. Hücum qəflətən olduğundan Tirikan məğlub olur və Dubrum şəhərindəki iqamətgahına qaçır. Tirikan burada ailəsi ilə birgə əsir düşür. Mənbədə bu haqqda yazılır:

"Kutium hökmdarı Tirikan tək qaçdı. Sığınacaq tapdığı Dubrumda onu mehriban qarşıladılar. Dubrum əhalisi biləndə ki, Enlilin iradəsi ilə Utuhenqal hökmdar olmuşdur, Tirikanı buraxmadılar. Utuhenqalın göndərdiyi adamlar Tirikanı və onun ailəsini Dubrumda tutaraq əlini ağac buxova saldılar və gözlərini (?) bağladılar. Tirikanı Utuhenqalın yanına gətirərək onun ayaqları altına atdılar. Utuhenqal ayağını onun boğazına qoydu. O, belə alçaldıldı... və Kutium, dağların zəhərli ilanı onun ərazisindən uzaqlaşdırıldı...beləliklə...O, padşahlığı Şumerə qaytardı."

Utuhenqal e.ə. 2104 – cü ildə kutilərin İkiçayarasındakı hakimiyyətini asanlıqla ləğv edə bildi, çünki kutilər İkiçayarasında çoxlu hərbi qüvvə saxlamırdılar. Maraqlıdır ki, Tirikan öldürülməmiş, yalnız ölkədən çıxarılmışdı. Tirikanın məğlubiyyətinin əks-sədası tarixdə uzun müddət qalmışdı. Selevkilər dövründə tərtib olunmuş bir sənəddə Tirikanın məğlubiyyəti onun üçün əlverişsiz təbbi əlamət-ayın tutulması ilə izah olunmuşdur. Kutilərin İkiçayarasında hakimiyyətinə son qoyulduqdan sonra Kuti hökmdarlığı özü də bir dövlət kimi süquta uğrayır və xırda-xırda hökmdarlıqlara parçalanır.

Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılarla tərtib olunurdu. Onlar da ay, bərəkət və məhəbbət ilahələrinə sitaiş edir və kitabələrində bu ilahələrin ancaq akkad dilində olan adlarını ( Şinİştar) göstərirdilər. Yəqin ki, bu dövrdə kuti panteonuna ilahə başçılıq edirdi. Məlumdur ki, tarixin sonrakı dövründə assurlar (aşşurlar) kuti və lulubi tanrılarını assur panteonuna daxil edirdilər. Ola bilsin ki, assur panteonunda adı çəkilən Assara kuti panteonuna daxil olan tanrılardan olmuşdur. Eyni ad kuti hökmdarı Aşşarlaqın adında da əks olunmuşdur.

  1. Azərbaycan tarixi (7 cilddə), I cild, Bakı, 1998
  2. Z.Bünyadov, Y.Yusifov – Azərbaycan tarixi, Bakı, 2005
  3. S.Əliyarlı – Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 2007
  4. S.Qaşqay -Qədim Azərbaycan tarixi mixi yazılı qaynaqlarda, Bakı, 2006
  5. İ.Əliyev – Midiya tarixi, Bakı, 1960(rus dilində)
  6. F.Abdulla – Qədim dövr Azərbaycan tarixi İran tarixşünaslığında, Bakı, 1973
  7. F.Abdulla – Qədim və Erkən Orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında, Bakı,1987
  8. İ.M.Dyakonov – Midiya tarixi, Moskva – Leninqrad, 1956(rus dilində)
  9. S.Qaşqay – Manna dövləti, Bakı, 1993